
İnsanhuquqları sabiq baş nazir və xarici işlər naziri Həsən Həsənovun APA-ya müsahibəsini təqdim edir:
- Ramiz Mehdiyevlə ilk tanışlığınız necə olmuşdu?
- Tanışlığımız 1965-ci ildə, gənc yaşlarımızda olmuşdu. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində işləyirdik, mənim vəzifəm ondan bir pillə yuxarı idi. Aramızda sıx da olmasa, müəyyən əlaqə yaranmışdı. 1967-ci ildə Ramiz Mehdiyev Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə göndərildi. Mən isə Bakıda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatına təyin olundum. Az sonra isə Moskvaya, Komsomolun Mərkəzi Komitəsinə işləməyə göndərdilər. Orada Ramiz bir neçə dəfə yanıma gəlib Moskvada fəlsəfə mövzusunda namizədlik dissertasiyası üzərində işlədiyini dedi. Bir müddət sonra məni Moskvadan Bakıya qaytardılar, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bölmə müdiri vəzifəsində çalışırdım.
1974-cü il ildə Ramiz Bakıda yanıma gəlib namizədlik dissertasiyasını başa çatdırdığını dedi və partiya işinə keçmək üçün kömək göstərməyimi xahiş etdi. Dedim ki, Ramiz, axı sən əziyyət çəkib alim olmaq istəyirdin, yenidən partiya aparatında işləməyin mənası nədir? Dedi ki, dissertasiyanı müdafiə etmişəm, əslində, partiya işçisi olmaq istəyirəm. Ona köməklik etdim. Düzdür, 1974-cü ildə vəzifəm elə də yüksək deyildi, amma hər halda məni tanıyan, hörmət edən adamlar vardı. Onu təriflədim, 1974-cü ilin mayında Heydər Əliyevin qərarı ilə Mərkəzi Komitə aparatında Təbliğat və təşviqat şöbəsinin mühazirəçi vəzifəsinə təyin edildi. İllər keçirdi, amma Ramiz bir dəfə də olsun vəzifəyə mənim vasitəmlə təyin olunmağını dilinə gətirmədi, bu hadisəni heç vaxt, heç yerdə xatırlamadı.
Zaman keçirdi, artıq Ramiz Mərkəzi Komitənin ideoloji məsələlər, mən isə tikinti üzrə katibi işləyirdik. Qarabağ münaqişəsi başlandı. 1988-ci il may ayında Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifəsinə göndərildi.
Günlərin birində Mərkəzi Komitə katiblərinin toplantısında Vəzirov bildirdi ki, Ramiz Mehdiyevlə danışılıb, diplomatik işdə işləmək istəyir. Ona yardım edəcəyəm, amma bunun üçün gərək, ilk növbədə, Ramiz Mərkəzi Komitənin katibi vəzifəsindən getsin, sadəcə, Mərkəzi Komitə üzvü olaraq qalsın. Ramizdən səs çıxmadı. Ona görə başqaları da danışmadı. Beləliklə, heç bir müzakirəsiz, mübahisəsiz Ramiz yüksək vəzifəni tərk edib səssiz-küysüz Elmlər Akademiyasına sıravi işə keçdi.
Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır. Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi.
- Azərbaycana uzun illər rəhbərlik etmiş Heydər Əliyevin taleyindəki rolunu Ramiz Mehdiyev niyə inkar edirdi?
- Bu inkar, sadəcə, Ramiz Mehdiyevin edilən yaxşılıq müqabilində atdığı nankor addımlardan biri idi.
- Ramiz Mehdiyev 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri, 7 fevral 1995-ci ildən sonra isə icra aparatının və nəhayət Prezident Administrasiyasının rəhbəri olub. Beləliklə, Heydər Əliyev müstəqillik illərində Ramiz Mehdiyevi yenə də yüksək vəzifəyə təyin edib. Bəs, Ümummilli rəhbərin Vəzirovun keçirdiyi iclasdan, Ramiz Mehdiyevin riyakar hərəkətindən xəbəri olmayıb?
- Deyə bilmərəm. Şəxsən mən Heydər Əliyevə bu haqda deməmişdim. Amma dövrün mətbuatında Ramiz Mehdiyevin çıxışı tam dərc olunmuşdu. Sonrakı dövrlərdə də Ramizin həmin çıxışı və hərəkəti haqqında dəfələrlə yazılmışdı.
Sual verə bilərsiniz ki, Heydər Əliyev hadisədən xəbərdar idisə, niyə Ramizi yeni vəzifəyə təyin edəndə onu nəzərə almadı? Ümummilli lider adamların bəzi mənfi keyfiyyətlərini qabartmırdı. Dediyim kimi, onunla bu iclas barədə söhbət etməmişdim. Hətta söhbət etsəydik belə, yəqin deyərdi ki, həmin an Ramiz çətin vəziyyətdə qalıb, iradəsi zəif olub, məsuliyyətdən yayınmaq üçün məcburiyyət qarşısında belə danışıb.