Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayında iştirak edən Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurasının Qurultayda iştirak edən üzvləri, nümayəndə heyəti 28 noyabr 2024-cü il tarixində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Obdusman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Arabulucular Birliğinin İdarə Heyətinin sədri Yakup Erikel mediatorlarla birgə ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb.
2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var.
Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqlərinə uyğun istirahət etmələri üçün imkanlar yaradır.
Heydər Əliyev Parkında 1200 nəfərlik amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur.
Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi milli mədəniyyətimizin qardaş ölkədə təbliğinə öz töhfəsini verir. İnkişaf
Sonda nümayəndə heyəti xatirə şəkli çəkdirib.