HƏMAS Siyasi Bürosunun liderləri hazırda Dohada deyillər, lakin hərəkatın Qətərin paytaxtındakı ofisi bağlanmayıb.
İnsanhuquqları xəbər verir ki, bu sözləri Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.
"Aydın deyəcəyəm, danışıqlar qrupunun bir hissəsi olan HƏMAS liderləri hazırda Dohada deyillər və bildiyiniz kimi, onlar müxtəlif paytaxtlar arasında hərəkət edirlər. Bunun nə demək olduğunu ətraflı açıqlamaq istəmirəm, amma sizə əminliklə deyə bilərəm ki, HƏMAS-ın Dohadakı ofisi vasitəçilik məqsədilə yaradılıb. Açığı, vasitəçilik olmayanda ofisin özünün heç bir funksiyası yoxdur", - o bildirib.
Xatırladaq ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə getdikləri barədə məlumat yayılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi də məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.