ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

TÜRK-İŞ-in 24-cü Qurultayının açılışı olub

TÜRK-İŞ-in 24-cü Qurultayının açılışı olub

Noyabrın 30-da Ankara şəhərində Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) 24-cü Qurultayının açılışı olub. Mərasimə TÜRK-İŞ-ə üzv təşkilatların rəhbərləri və digər nümayəndələri qatılıblar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının Birinci vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın həmkarlar ittifaqlarının sədrləri tədbirdə qonaq qismində iştirak ediblər.

Öncə TÜRK-İŞ-in hesabatı dinlənilib, görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb, gələcək planlar müzakirə edilib.

AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə davamlı inkişaf edən əlaqələrdən, qardaşlıq münasibətlərindən, göstərilən qarşılıqlı dəstəkdən danışıb, həmçinin AHİK-lə TÜRK-İŞ-in əməkdaşlığından bəhs edib: "Qardaş Türkiyənin həmkarlar ittifaqları ilə AHİK arasında əlaqələr durmadan genişlənir, ikitərəfli səfərlər təşkil olunur, görüşlər keçirilir. Biz beynəlxalq həmkarlar ittifaqları hərəkatında baş verən hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparırıq. İlk müqaviləmizi də məhz türkiyəli həmkarlarımızla bağlamışıq. Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılması təşəbbüsü də bizə məxsusdur. Bundan sonra da əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi istiqamətində səylə çalışacağıq".

Sonra çıxış edən Qazaxıstan, Qırğızıstan və Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri TÜRK-İŞ ilə əlaqələrindən danışıblar. Həmçinin Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasında göstərdikləri təşəbbüsə və təşkilatçılığa görə AHİK sədri Səttar Möhbalıyevə və TÜRK-İŞ sədri Ərgün Atalaya təşəkkür ediblər.

Qeyd edək ki, Qurultay dekabrın 2-dək davam edəcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR