11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnaməsini Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təqdim edib.
Kuba Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə çatdırıb.
Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Kuba Prezidenti öz növbəsində, onun salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə həyata keçirdiyi səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı QH-də uğurlu sədrliyi münasibəti ilə təbrik edib. Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.
Söhbət əsnasında iki ölkə arasında müxətlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.