ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Prezident çox vacib mesajlar verdi

Prezident çox vacib mesajlar verdi


Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu.

O vurğuladı ki, ötən il Azərbaycan üçün bir çox aspektlərdən uğurlu olub. Azərbaycan Ordusunun müdafiə qabiliyyəti daha da gücləndirilmiş, yeni komanda birlikləri yaradılmış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilmiş, şəhid ailələrinə və qazilərə diqqət və qayğı davam etdirilmişdir.

Eyni zamanda ötən il həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin 2020-ci ildə əldə etdiyi qələbənin dünya birliyi tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir.

Prezident müsahibədə Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaları ilə bağlı da çox mühüm mesajlar verdi. Xüsusi olaraq vurğuladı bu insanların öz doğma yurdlarına qayıtmaları onların tam hüququdur və Azərbaycan bunun həyata keçməsi üçün bütün addımları atacaq.

Prezident Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işlərinə də geniş toxundu. Bölgə əhalisinin həmin ərazilərə sürətli qayıdışının təmin olunması istiqamətində tədbirlərin uğurla icra olunduğunu xüsusi qeyd etdi.

Ötən il ölkəmiz üçün iqtisadi baxımdan da uğurlu olmuşdur. Ümumi daxili məhsulun 80, xarici ticarətin 50, xarici ticarətin müsbət saldosunun 25 milyard dollar təşkil etməsi, xarici borcun 7 milyard dollardan aşağı olması, minimum əməkhaqqının 15% artırılaraq 345 manata, minimum pensiyanın 16,7 faiz artırılaraq 280 manata çatdırılması, ötən il 1500 şəhid ailəsinin evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin həm də iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər Qarabağ və Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri, ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi fonunda həyata keçirilir.

Prezident çıxışında Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Bildirdi ki, Ermənistan ötən dövrdə baş verənlərdən ciddi nəticə çıxarmalıdır, Qarabağ erməniləri Azərbaycanın idarəçiliyini qəbul etməlidirlər. Qəbul etmək istəməyənlər isə bu əraziləri tərk edə bilərlər.

Prezident İlham Əliyev ermənilərin Qarabağda törətdikləri cinayətlərə etirazlarını bildirən və Laçın yolunda aksiya keçirən gənclərə də təşəkkürünü bildirdi. Bu etirazların əsas səbəb və məqsədlərinə bir daha toxundu.

Yekunda qeyd etməliyik ki, Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi, bu müsahibədə də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir çox vacib məsələlərə toxundu. Eyni zamanda Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan ciddi nəticə çıxarmalıdır.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR