“Hərbi qulluqçuların təminat xərclərinin faizlərinin hesablanması zamanı müəyyən problemlər ortaya çıxırdı. “Əmək pensiyası haqqında qanunun 20.14.1-ci maddəsinə əsasən, 2017-ci il 1 iyun tarixində dəyişiklik edilib. Dəyişikliyinə görə, hərbi qulluqçu 20 ildən artıq xidmət etdikdə, hər xidmət ilinə görə 2017-ci il 1 iyun tarixinədək hərbi qulluqçuların təminat xərcləri 3 faizlə hesablanır, ondan sonra faiz azaldılaraq 2 faizə endirilib. Nəticədə müəyyən problem yaşanırdı. Bu məsələ ilə bağlı rəhbərliyə məruzə olundu, məhkəmələrin fikirləri öyrənildi, digər qurumların rəyi öyrənildi. Ali rəhbərliklə razılaşdırılma əsasında 2019-cu ilin oktyabrında bizə verilən tapşırığa əsasən, həmin kontingentdə olan şəxslərin təminat xərclərinin faizinin hesablanması dəyişdirildi”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev deyib.
Onun sözlərinə görə, 20 ildən artıq hissə 2 faizlə deyil, gözlənilən hüquq prinsipləri nəzərə alınmaqla həyata keçirilir: “Qanunda edilən dəyişikliyə görə, biz 20 ildən artıq xidmət etmiş şəxsə 80 faiz ödəniş etməli idik. Lakin bu verilmiş tapşırığa uyğun fərqli formada həyata keçirilir. Məsələn, hərbçi 2021-ci ilə kimi 35 il xidmət edibsə, 20 ilə qədər 50 faiz, 15 il isə 2 faiz hesablamaqla 80 faiz ödəniş etməli idik. Qanunvericiliyə uyğun hesablasaq, bu 80 faiz olmalı idi.
Lakin verilən tapşırığa görə bu hesablanma fərqli formada həyata keçirilir. 4 il 2017-yə qədər 2 faizlə hesablanır. 2017-ci ildən əvvəlki dövr isə 3 faizlə hesablanır. Nəticədə həmin şəxs 91 faiz miqdarında ödəniş alır. 1382 nəfərin pensiyası qanunvericiliyə uyğun hesablanmışdı. Bu məbləğ 1 milyon 350 min manat idi. Yenidən hesablanandan sonra isə bu məbləğ 1 milyon 450 min manat oldu. 100 min manat maliyyə öhdəliyi yarandı. Nəticədə 1382 nəfərin pensiyası 977 manatdan 1046 manata qalxdı, ortalama 70-80 manat artdı”.