Bir müddətdir ki, əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus həftələrlə davam edir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionisti Təyyar Eyvazov deyib ki, son günlərdə yayılan xəstəlik mövsümi, kəskin respirator virus infeksiyalarıdır.
Hazırda xəstələrdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir.
Təyyar Eyvazov qeyd edib ki, hazırda müşahidə olunan virusun koronovirusla heç bir əlaqəsi yoxdur. Hər bir virusun insanlarda klinik təzahürləri müxtəlif ola bilər. Bu cür viruslara qarşı antiviral preparatlar yoxdur. Hazırkı virusların fəsadlaşması hallarının olmadığını deyən infeksionist qeyd edib ki, bütün bunlara baxmayaraq, simptomatik müalicə tələb olunur.
Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə, təcili olaraq həkimə müraciət olunmalıdır.
Axar.az “Xəzər Xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir: