ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Dost – strateji müttəfiq

Dost – strateji müttəfiq

Pakistan İslam Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb

Vətən müharibəsi xalqımıza qələbə gətirməklə yanaşı, dostumuzu, düşmənimizi də tanıtdı. Dost ölkələr arasında olan Pakistan Azərbaycanın haqlı mübarizəsini dəstəklədi. Müharibənin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: "Erməni silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik".

2020-ci il noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi keçmiş Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabrın 16-da isə Baş nazir İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsidə deyib: "Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar".

Həmin il dekabrın 30-da Pakistan Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyilə İslamabadda fiziki qüsurlu şəxslər üçün əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Göründüyü kimi, Vətən müharibəsinin ilk günlərindən Pakistan dövləti Azərbaycana ardıcıl olaraq öz siyasi, mənəvi dəstəyini ifadə edib.

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan Türkiyədən sonra ikinci ölkədir. Belə ki, dost ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulub. Pakistan Azərbaycanda səfirliyini açan (12 mart 1993-cü il) ilk müsəlman dövlətlərindən biridir. Azərbaycanın İslamabadda daimi nümayəndəliyi 1997-ci ilin avqust ayında açılıb.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkə arasında münasibətlər müasir inkişaf mərhələsinə yüksəlib. 2004-cü il avqustun 10-da Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Məhəmməd Əziz Xanı qəbul edib. Söhbət zamanı hərbi sahədə əməkdaşlığın vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın dövlət başçısı Pakistan prezidentinin dəvəti ilə 2005-ci il aprelin 12-13-də bu ölkəyə rəsmi səfər edib.

Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyi nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Hər iki dövlətin lideri ölkələrimiz arasında hərbi-siyasi, iqtisadi əlaqələrin intensivləşdirilməsi və mövcud potensialdan daha səmərəli istifadə edilməsi üçün səylərini əsirgəmir.

Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə, Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə, sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan, Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri böyük əhəmiyyətə malikdir. Cənubi Asiya dövlətləri sırasında Azərbaycanın ən çox əlaqə qurduğu və qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Pakistan Respublikası həm də Cənubi Asiyanın, İslam Şərqinin və İslam Əməkdaşlıq Təşkilatının ən fəal, nüfuzlu və hərbi-siyasi baxımdan güclü dövlətlərindən biridir. ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan bu ölkə həm də dünya siyasətində önəmli rol oynamaqdadır. Dünyada kütləvi qırğın silahına və raket texnologiyasına malik yeganə müsəlman dövləti olan Pakistan Azərbaycanın Türkiyədən sonra ikinci əsas strateji müttəfiqidir. İki ölkə arasında ikitərəfli və çoxtərəfli intensiv münasibətlər mövcuddur.

Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq, regional qurumlarda eyni mövqedən çıxış edib. Kəşmir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemlərinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Belə ki, 30 ildə Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan Pakistan müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib. Öz növbəsində Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da təmsil olunması üçün ona hərtərəfli dəstək verib. Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə İslam dövlətlərinə təsir imkanları da mühüm amildir.

2022-ci il sentyabrın 15-də Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti keçirilmişdir. Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət rəhbərləri, o cümlədən Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə də görüşüb, iki ölkə arasında münasibətlərin gələcək perspektivləri, birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

İki dost, strateji müttəfiq ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR