ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“İranın təhdidləri masaya çıxarılacaq” - GƏLİŞMƏ

Məlum olduğu kimi, son vaxtlar İranla münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz qonşuluğa və müsəlmanlığa yaraşmayan addımlar atmaqla əslində öz iç üzünü ortaya qoyur, simasızlığını göstərir. Dövlət başçısı İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində rəsmi Tehranı açıq-aşkar ifşa etdi və İran hakimiyyətinə konkret mesajlar verdi. Bunun fonunda yaxın gələcəkdə Tehranda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi deyilir. Görünür, “suların durulmasına” ehtiyac var.

Nazirlərin görüşü barədə “Sherg.az”a danışan siyasi analitik Samir Hümbətovun fikrincə, son günlər baş verən gərginlik hər üç tərəfi narahat edir:

“Məlum olduğu kimi, İran həmişə Ermənistana yardım etməyə çalışır. Gorus- Qafan yolunun bağlanması ilə isə “quyruğu qapı arasında qalıb”. Bunun ardınca İran “əzələ nümayişinə” başladı və Türkiyə cavab olaraq təlimlər keçirdi. Beləliklə, Tehran geri çəkildi”.

S.Hümbətov, həmçinin sensasion iddialar səsləndirdi:

“Prezident “Anadolu” agentliyinə müsahibəsində İranın Azərbaycanla bağlı siyasətindən narahatlığını bildirdi. Əlbəttə, İran bizə qarşı saf niyyətdə deyil. Daxildə şovinist niyyət var. Fikrimcə, görüşdə Türkiyə tərəfinin də iştirakı məqsədəuyğundur. Beləliklə, qardaş ölkə ilə hərbi-siyasi müttəfiqliyimiz nümayiş olunacaq. Eyni zamanda görüşün Tehranda keçiriləcəyini nəzərə alsaq, gizli şəkildə Ermənistan nümayəndəsinin iştirakı da istisna deyil. Müzakirələr zamanı son günlər sərhəddə baş verən proseslər, habelə, İranın təhdidləri masaya çıxarılacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR