ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ erməniləri pasportsuz qalıb - Biz seyrçi qalsaq, RUS ÖZÜNÜ SOXACAQ...

Baxış Sayı:9

Qarabağ erməniləri pasportsuz qalıb - Biz seyrçi qalsaq, RUS ÖZÜNÜ SOXACAQ...

Qarabağda separatçı-terrorçu rejim ermənilərə “pasport” verməyi dayandırıb. Bu barədə Xankəndidə yaşayan ermənilər sosial şəbəkələrdə yazıblar. Bildiriblər ki, son iki ayda “pasport idarələri” onları geri qaytarır: “Pasport almaq yaşı çatanlar və vaxtı bitmiş sənədi dəyişdirmək istəyənlər “pasportsuz” qalıb. Problemin nə vaxt həll olunacağı haqda məlumat verilmir”. Ermənilər bildiriblər ki, separatçı-terrorçu rejimin verdiyi “pasportlar”ın ümumiyyətlə ləğv olunacağı deyilir. Məsələ ondadır ki, hələlik Ermənistan tərəfi də Xankəndi və ətraf rayonlarda yaşayan ermənilərə yaxın durmur, onların “qeydiyyatı” ilə maraqlanmır. Bəzi ekspertlərə görə, “pasportlardan” imtina Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığına hazırlanması prosesinin başlanğıcı sayıla bilər. Lakin bu məsələdə fərqli düşünənlər də az deyil. Onların fikrincə, separatçıların başqa niyyətləri var. Rusiyanın hansısa formada prosesə barmaq etdiyi də istisna edilmir.

Qarabağda baş verənlərlə bağlı “Şərq”ə danışan BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, qondarma qurumun “rəhbərləri” bölgədən qaçmaq istəyən əhalini süni şəkildə Qarabağda saxlamağa çalışırlar. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının zorla Ermənistandan gətirdiyi ermənilərin əksəriyyəti geri qayıdıblar: “Qarabağın boşalması Rusiyanın gizli planlarına ziddir. Ermənisiz Qarabağ Azərbaycana təzyiq vasitəsi ola bilməz. Görünür, erməni köçünün qarşısını almaq üçün onları qondarma “pasportlardan” məhrum etməyi qərarlaşdırıblar. Əlbəttə, Azərbaycan pasportlarının verilməsinin vaxtı gələcək. Amma bu, nə Rusiyanın, nə də erməni tərəfinin razılığı ilə olacaq. Bu hal Azərbaycanın bölgədə apardığı siyasətin məntiqi nəticəsi kimi zərurətdən doğacaq. İndiki məqamda əlaqələrin tezliklə bərpasından söhbət getmir. Azərbaycanın Türkiyə və Pakistan hərbçilərinin iştirakı ilə hərbi təlimləri pərdəarxası durumun gərgin olduğunu göstərir. Təlimlər kimlərəsə xüsusi mesajlar vermək üçündür. Rusiya Qarabağda yaşanan bütün proseslərin mərkəzindədir. Moskvanın müdaxilə mexanizmləri bizə məlumdur. Kreml qıcıqlandırıcı ritorikadan, separatçılara açıq dəstəkdən və “status” söhbətini gündəmə gətirməkdən vaz keçmir. Reallıq odur ki, bizim üçün Qarabağ məsələsi tam həll edilməyib. Bunun tam reallaşması üçün dinc üsullar mövcuddur. Dövlətin təşkilatçılığı ilə təxminən 50 min xocalılı, xankəndlili və digər bölgələrin sakinlərinin qocalı-cavanlı, uşaqlı-böyüklü sülhməramlıların yanından keçməklə öz torpaqlarına qayıdışını həyata keçirmək lazımdır. Bununla hadisələr fərqli istiqamətdə cərəyan edəcək. Kim, hansı ölkə xalqımızın öz doğma yurduna köçünün qarşısını ala bilər?!”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR