ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Putin və Boltonun gerb söhbəti

Rusiya rəhbəri dünən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşündə deyir ki, Amerika gerbindəki (əslində Böyük möhür) qartal bir caynağında sülhün rəmzi kimi zeytun budaqları, digər caynağında isə savaşın rəmzi olan oxlar tutub, amma deyəsən, qartal budaqların hamısını yeyib. Yəni ABŞ-ın siyasətində davakarlıq önə çıxıb. Sitat: "Sizin dostluğa uyğun olmayan siyasətiniz bizi təəccübləndirir. Biz bu addımların birinə belə cavab vermirik, amma siz elə hey davam edirsiniz..."

Bolton cavabında bildirdi ki, qartalın zeytun budaqlarını sağ caynağında tutması ABŞ-ın sülhə daha çox üstünlük verdiyini göstərir, amma o, Moskvaya gələndə zeytun budaqları gətirməyib. Gərək əlavə edəydi ki, bir fağır Obama tapmışdınız və döşəyirdiniz, indi o dövr geridə qaldı...

Putin öz sözlərində haqlıdır, Tramp Amerikasının siyasətində doğrudan da davakarlıq, militarizm önə çıxıb. Amma gəlin xatırlayaq, görək həmin Putin sülhsevər (ən azı Rusiyaya münasibətdə) Obamanın dövründə nə ilə məşğul idi?

2008-ci ildə ABŞ-da prezident seçkiləri keçiriləndə və hakimiyyət dəyişəndə Rusiya-Gürcüstan müharibəsi yenicə bitmişdi. Obama səlahiyyətlərinin icrasına başladıqdan sonra Rusiya ilə dialoqda bu məsələni ümumiyyətlə qaldırmadı, hələ təzyiq, sanksiya bir yana qalsın. Sanki belə bir hadisə baş verməmişdi. Əksinə, Rusiya ilə münasibətlərdə "reset" siyasətinə üstünlük verildi, 2010-cu ildə Strateji hücum silahlarının ixtisarına dair müqavilə imzalandı. Obama Suriya rejimi tərəfindən kimyəvi silahdan istifadə olunmasını "qırmızı cizgi" elan etmişdi, yəni belə bir hal olsa, ABŞ rejimə qarşı hərbi güc tətbiq edəcəkdi. Lakin Obama 2013-cü ilin avqustunda bu hadisə baş verdikdən sonra sözünü "yedi", nəticədə Putin onun dişsizliyini görüb, 6 ay sonra əvvəlcə Krımı işğal-ilhaq etdi, sonra Donbasda məlum problemi yaradıb körüklədi...

Yəni Putin Obamanın zeytin budağı uzatmasını acizlik kimi qiymətləndirib, aqressiv revanşizmə, işğala, ilhaqa başladı. İndi isə şikayətlənir ki, niyə ABŞ qartalı oxlarını ona tərəf tuşlayıb. (Əslində şəxsi mənada Trampın Putinə simpatiyası var, sadəcə, ABŞ-ın dövlət siyasəti dəyişib və Tramp da bu yeni siyasətə uyğun lider tipidir.)

P.S. Bolton Putinlə görüşdən əvvəl Boris Nemtsovun öldürüldüyü yeri ziyarət edib, əklil qoydu.

Şahin Cəfərli

Oxşar xəbərlər
SON XƏBƏRLƏR