Pakistan Azərbaycanla qarşılıqlı ticarətin artırılmasında və bir sıra sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.
İnsanhuquqları xəbər verir ki, bu barədə Report-a müsahibəsində Pakistanın maliyyə naziri Məhəmməd Auranqzeb bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın Pakistana 2 milyard ABŞ dolları məbləğində investisiya yatırmaq planları tərəflərin ticarət dövriyyəsinin inkişafına marağını artırır:
"İnvestisiya və bank layihələrinin hazırlanması baxımından top bizim tərəfimizdədir".
M.Auranqzeb Azərbaycanla Pakistan arasında hələ də lazımi səviyyədə olmayan ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu deyib:
"Biz informasiya texnologiyaları və mədən sənayesi sahələri də daxil olmaqla qarşılıqlı ticarəti bir neçə dəfə artıra bilərik".
M.Auranqzeb vurğulayıb ki, Pakistan Azərbaycanla neft-qaz və bank sahələrində də əməkdaşlıqda maraqlıdır. Yaxın 3-4 ay ərzində bu sahələrdə bir neçə real investisiya layihəsi hazırlanacaq.
Maliyyə nazirinin sözlərinə görə, Pakistandan Azərbaycana turist axını artmaqda davam edir. O, yaxın gələcəkdə turist kimi Azərbaycana gəlmək istədiyini diqqətə çatdırıb:
"Bakıya ilk dəfədir gəlmişəm. Bu, çox gözəl şəhər və gözəl ölkədir. Mən turist kimi bura qayıtmağa ümid edirəm".