ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda 10 minədir, Laçında pulsuz...

Bakıda 10 minədir, Laçında pulsuz...

Bir gün içində bir neçə tədbirdə iştirak etmək üçün Laçındaydım.

İfadənin gözəlliyinə baxın: Laçındaydım!

Duyğularımı, təəssüratımı, müşahidələrimi ifadə etməyə sözün gücü çatmır. İnanın, hiss etdiklərimi heç cür ifadə edə bilmərəm. Təsvirəgəlməz bir aləmdir Laçın!

Şişirtmirəm, uydurmuram, fantaziyaya qapılmamışam, amma həqiqətən Laçını bu qədər gözəl təsəvvür etmirdim. Laçında uşaqkən olmuşam, ancaq o dönəmdən yadımda heç nə qalmayıb və indi gördüyüm Laçınla köhnə Laçını müqayisə edə bilmirəm. Yalnız indi gördüklərimdən danışa bilərəm və gəldiyim qənaət odur ki, Laçında ecazkar və füsunkar bir şəhər salınır. Bu gözəlliyin və əsrarəngiziyin qoynunda yalnız gözəllik qurmaq, yaratmaq olar və aidiyyəti qurumların bunca həssaslığını anlayıram. Biz o qədər gözəl əraziləri işğaldan azad etmişik ki, o yerlərə sadəcə, rayon, kənd, ərazi vahidi kimi baxmaq mümkün deyil. Qeyri-adi ənginlik və sonsuzluqdur Laçın. Baxdıqca baxırsan və baxdığın nöqtənin sonunu görmürsən, o qədər nəhəng görünür dağların zirvəsi, yaşıllıqların ənginliyi...

Burada gözəl, hədsiz çox gözəl şəhər və kəndlər salınmalıdır ki, Avropanın ən gəzməli-görməli yerlərini də ardında buraxsın. Mən Laçını görən andan onu İsveçrənin, Çexiyanın, İsveçin, İtaliyanın, İngiltərənin... şəhərlərinə bənzədirəm, hətta onlardan da gözəl görürəm.

Məsələ ondadır ki, düşmən bu yerlərlə sözün əsl mənasında, düşməncəsinə rəftar edib: söküb, dağıdıb, daşını daş üstə qoymayıb, hətta yaşadığı yeri belə abadlaşdırmayıb. İndi o torpaqlarda sıfırdan şəhərlər, kəndlər tikilir və bu son dərəcə ağır və ləng prosesdir. Yollar salınır, infrastruktur yaradılır və sonra evlər tikilir. Nə qədər evlər tikilməlidir bu torpaqlarda ki, insanlar doğma yurd-yuvalarına, evlərinə qayıtsınlar, məskunlaşsınlar, şəhərlər şəhər, kəndlər kənd olsun. Kənardan baxana döyüş həmişə asan gəlib, amma yaxından baxanda, işin içində olanda anlayırsan ki, hələ nə qədər çox iş görülməlidir və bütün işlərin görülüb başa çatdırılmasına illər lazımdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR