ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Mediasiya institutu özünü doğrultmaqdadır

Mediasiya institutu özünü doğrultmaqdadır

Azərbaycanda mediasiyanın inkişafı və bu sahədə islahatların intensiv xarakter alması ilk dəfə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanından irəli gəlir. 2019-cu ilin mart ayında isə "Mediasiya haqqında" qanun qəbul olunub. Bununla yanaşı, Nazirlər Kabineti "Mediasiya prosesinin aparılması qaydaları" daxil olmaqla bir neçə mühüm qərar qəbul edib. Ölkəmizdə mediasiya prosesinin rəsmi olaraq tətbiqinə isə 1 iyul 2021-ci ildən başlanılıb.

Ölkəmizdə mediasiyanın inkişafı, mediasiyaya etimad və mübahisələndirilən məsələlər üzrə əldə edilən barışıq sazişlərinin həcmi hər gün artır və əlbəttə ki, keyfiyyət dinamikasında da ciddi irəliləyişlər var. Bu işdə isə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun xidmətləri böyükdür. Ölkəmizdə mediasiyanın inkişafını şərtləndirən və təşviq yönümlü mediasiya islahatlarının başlanğıcında məhz Prezident İlham Əliyev tərəfindən imzalanan "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və digər bütün qanun, sərəncam və fərmanlar mühüm yer tutur. Eyni zamanda, bu sahədə bizə dəstək olan onlarla dövlət xadimləri, dövlət qurumları, media, KİV, hüquqşünaslar, vəkillər, hakimlər, hüquq-mühafizə orqanları, təhsil, tibb, kommersiya və bank sektorlarının böyük əməyi var.

- Bakı 13 saylı Mediasiya Təşkilatında 2023-cü ilin iyul, avqust, sentyabr ayları üzrə rüblük nəticələrə əsasən hər iki tərəfin iştirakı ilə 185 işə baxılmışıdır. Mediatorlarımız 119 işi barışıq sazişi ilə nəticələndirmişlər ki, bu da öz növbəsində 64% təşkil edir. 13 saylı Mediasiya Təşkilatı Bakı şəhərində fəaliyyət göstərən təşkilatlar arasında ən yüksək göstəriciyə imza atmışdır. Təşkilatımızda peşəkar mediatorlar fəaliyyət göstərir.

17 noyabr 2023-cü il tarixində Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 70 illiyinə həsr olunmuş "Avropa İnsan Hüquqları Konvensiyası və Azərbaycan: nailiyyətlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib. Avropa Şurası və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans bir çox məhkəmə-hüquq sahəsi nümayəndələrini bir araya gətirib. Konfrans zamanı Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Petr Zix ilə yanaşı, Aynur Sabitova və Zaur Əliyev də çıxış ediblər.

Konfransda Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov "Keyfiyyətli hüquq xidmətlərinin təmin edilməsində mediasiyanın unikal yeri və rolu" mövzusunda çıxış edib. Mediasiya sahəsindəki yeniliklərdən, aparılan islahatlardan və bu islahatların müsbət nəticəsi olaraq görülən işlərdən danışan sədr, həmçinin hüquq sahəsi ilə inteqrasiya edərək qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Yeri gəlmişkən, həmin gün Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən həyata keçirilən "Mediasiya metodologiyası" kitabının təqdimat mərasimi də keçirilib.

Bundan başqa, noyabrın 23-də Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinin Ədliyyə Nazirliyinin Hüquq məsələləri üzrə baş direktoru Hakan Öztatar tərəfindən qəbul edilib. Görüşdə, eyni zamanda Türkiyə Arabuluculuk Dairə Başkanı Çağdaş Özər də iştirak edib. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov isə söhbətində deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasətə uyğun olaraq hər iki ölkə arasında bütün istiqamətlər üzrə, o cümlədən mediasiya sahəsində səmərəli əməkdaşlıqlar qurulur.

Hakan Öztatar görülən işlər nəticəsində əlaqələrin daha da inkişaf etdiyini və böyük perspektivlərin olduğunu, hər iki ölkənin mediasiya qurumlarının əməkdaşlıq etməsinə dəstək veriləcəyini deyib.

Mediasiya proseslərinin aparılması, mediasiya məxfiliyinin qorunması sahəsində mövcud təcrübə təşkilat rəhbərləri tərəfindən diqqətə çatdırılıb. Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə fəaliyyət göstərən mediasiya təşkilatları barədə geniş məlumat verilib. Qərara alınıb ki, bu sahədə də qarşılıqlı və davamlı təcrübə mübadilələri aparılsın.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mətbuata açıqlamasında bildirib ki, 2024-cü ildə mediatorlarımızın 8 və ya 10 nəfərlik kiçik heyətlə və növbəli şəkildə Türkiyəyə səfərləri planlaşdırılır. Eyni zamanda, Türkiyə universitetləri və mediasiya təlim mərkəzləri ilə birgə mediatorlarımız üçün onlayn formada sertifikat proqramlarının ödənişsiz əsaslarla həyata keçirilməsi də nəzərdə tutulub. Nadir Adilov qeyd edib ki, həyata keçiriləcək fəaliyyət proqramı çox genişdir və bu proqram tərəflər arasında razılaşdırılmaqla qəbul və icra ediləcək.

Məhkəmələrin, hüquqi mübahisələrin nizamlanması ilə məşğul olan dövlət orqanlarının iş yükünün və eyni zamanda tərəflər arasında yarana biləcək gərginliyin azaldılması vasitəsi kimi, mediasiya institutu Azərbaycanda özünü doğrultmaqdadır.

İlham MEHTİYEV,

13 saylı Mediasiya Təşkilatının

rəhbəri, Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri, vəkil.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR