ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir

Baxış Sayı:44

Qəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir

Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması proseduru müəyyənləşir.

Bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə və media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıracaq.

Qanun layihəsinin 13.1-ci maddəsinə görə, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2-ci maddəyə əsasən isə abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Çap mediası və onlayn media subyektlərinə isə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Çap mediası subyektləri isə həmçinin dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin pozulmasına görə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə də çap mediasının fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihəyə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər isə aşağıdakılardır:

- Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
- Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
- dövlət dili normalarına riayət edilməlidir;
- irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
- terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
- əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
- şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
- şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
- sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
- faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
- parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
- pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın (dövlət sirri, odlu silahın və partlayıcı maddələrin hazırlanma qaydası, narkotik vasitələrin hazırlanma və istifadə üsulları, onların qanunsuz əldə edilməsi yerləri, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran məlumatlar, müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, o cümlədən əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması təhdidini törədən yalan məlumatlar) yayımlanmasına yol verilməməlidir.
Qeyd edək ki, qanun layihəsinə görə, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Ancaq bu nəzərə alınmaqla, çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Çap mediası məhsulunda göstərilməli olan məlumatlara dair pozuntular aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Çap mediası məhsulunun hər buraxılışında isə aşağıdakı məlumatlar göstərilməlidir:
- adı;
- VÖEN-i;
- məsul redaktorun soyadı, adı və atasının adı;
- sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
- poçt indeksi;
- tirajı;
- qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
- çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri.
Sadalanan əsaslara görə onlayn media subyektinin fəaliyyəti dayandırıldıqda bu barədə həmin media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə və kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR