ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Məhkəmə Ali Məhkəmə iclas zalında video-audio yazı aparılmadığı üçün apellyasiya məhkəməsinin qərarını ləğv etdi

Məhkəmə Ali Məhkəmə iclas zalında video-audio yazı aparılmadığı üçün apellyasiya məhkəməsinin qərarını ləğv etdi


“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.

E-huquq.az xəbər verir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində fəal iş aparan Ali Məhkəmənin çoxsaylı qərarlarından biri də Kommersiya kollegiyası tərəfindən qəbul edilib.

Həmin qərarı diqqətinizə təqdim edirik:

“X” bank olmayan kredit təşkilatı ilə “Y” arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq “Y”ə məxsus Bakı şəhərində yeləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə faiz borcu, dəbbə pulunun tutulması, tələbin cavabdehə məxsus yaşayış evinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılaraq şəxsin ən geci 1 ay müddətinə ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

İşə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə verilmiş ekspert rəyinə əsasən köçürmə ərizəsinin “Birinci imza” qrafasındakı imzada cavabdehin imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuşdur. Məhkəmə həmin rəyi işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, pul vəsaiti cavabdehin hesabına köçürülsə də, ona verilməmiş, razılığı olmadan yenidən iddiaçıya köçürülmüş və pul vəsaitinin köçürülməsində onun iradə ifadəsi mövcud olmamışdır. Buna görə də iddia rədd edilmişdir.

Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, yenidən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə verilmiş ekspert rəyinə əsasən “birinci imza” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Buna görə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bundan sonra “Y” apellyasiya instansiya məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət etmişdir. Məhkəmənin gəldiyi həmin nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş likvid dəyəri cavabdeh tərəfindən mübahisələndirilmiş, bununla bağlı məhkəmə prosesində ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə qiymət verilməmişdir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

Ali Məhkəmə qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Baxılan iş üzrə məhkəmə iclasının protokollarında prosessual qanunun qeyd olunan tələbinə müvafiq olaraq fasiləsiz video-audio çəkilişin aparıldığı, kompakt diskin işin materiallarına əlavə ediləcəyi qeyd edilsə də, işin materiallarına belə disk əlavə edilməmişdir. Elektron işin materiallarından isə apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə iclaslarının ümumiyyətlə video-audio çəkilişinin aparıldığı müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki kommersiya mübahisəsinə baxılarkən, mülki prosessual qanunun kommersiya mübahisələri üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasına dair imperativ tələbi pozulmuşdur. Həmin pozuntu işin hazırki mərhələsində cavabdehin kassasiya şikayətinin sözügedən dəlilinin qiymətləndirilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsini düzgün tətbiq edib-etməməsinin yoxlanılması imkanını aradan qaldırmışdır. Göstərilənlərə əsasən, kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulmasına görə qismən - ipoteka predmeti olan yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

Yekun məhkəmə aktı:

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qismən - ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR